Çölyak xəstəliyi, immun sistemin qlüten adlı proteinə qarşı anormal reaksiya göstərdiyi autoimmun xəstəlikdir. Bu xəstəlik zamanı buğda, arpa və çovdar kimi dənli bitkilərdə olan qlüten qəbul edildikdə, immun sistem nazik bağırsağın səthinə hücum edir və qida maddələrinin mənimsənilməsi prosesində problemlər yaradır.
Çölyak xəstəliyi həm uşaqlarda, həm də böyüklərdə rast gəlinə bilər və həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən həzm və qidalanma problemlərinə səbəb olur.
Çölyak xəstəliyinin əsas mexanizmi
Çölyak xəstəliyi olan şəxslər qlüten tərkibli qidaları qəbul etdikdə, immun sistem nazik bağırsağın selikli qişasına hücum edərək, villus adlanan strukturları zədələyir. Villuslar nazik bağırsaqda qida maddələrinin mənimsənilməsini təmin edən kiçik tükcüklü strukturlardır.
Bu strukturlar zədələndikdə orqanizm qida maddələrini lazımi dərəcədə mənimsəyə bilmir. Bu vəziyyət, orqanizmin ehtiyacı olan vitamin, mineral və digər qida maddələrinin kifayət qədər qəbul edilməməsinə gətirib çıxarır və müxtəlif sağlamlıq problemlərinə səbəb olur.
Hər yaş qrupunda rast gəlinə bilən bu xəstəlik, genetik meylliliyi olanlarda daha tez-tez özünü göstərir. Həzm sistemi ilə yanaşı, dəri, sümük, sinir sistemi və hormon balansı kimi müxtəlif sistemlərə təsir göstərərək çoxcəhətli əlamətlər göstərir.
Çölyak xəstəliyinin əlamətləri
Qlüten qəbuluna bağlı olaraq nazik bağırsaqda zədələnmə yaradan bir xəstəlik olduğu üçün orqanizmin bir çox müxtəlif sistemlərinə təsir edən əlamətlər göstərə bilər. Əlamətlər yaşa, ümumi sağlamlıq vəziyyətinə və xəstəliyin şiddətinə görə dəyişə bilər.
Böyüklərdə çölyak xəstəliyinin əlamətləri
Əksər böyüklərdə əlamətlər həzm sistemindən kənar problemlərə yönələ bilər. Xüsusilə daimi yorğunluq, vitamin-mineral çatışmazlıqları və dəridə müşahidə olunan narahatlıqlar şəklində ortaya çıxa bilər.
Nazik bağırsaqda mənimsəmə pozğunluğu səbəbindən orqanizm ehtiyacı olan qida maddələrini kifayət qədər qəbul edə bilmir. Bu da müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb olur.
Böyüklərdə çölyak xəstəliyinin əlamətləri:
- Daimi qarın ağrısı və şişkinlik: Həzm sisteminin pozulması nəticəsində qarın nahiyəsində narahatlıq və şişkinlik hissi
- İshal və ya qəbzlik: Nəcis konsistensiyasında dəyişikliklər
- Yorğunluq və enerji azlığı: Qida maddələrinin lazımi səviyyədə mənimsənilməməsi səbəbindən daimi yorğunluq
- Qanazlığı (Anemiya): Dəmirin mənimsənilməsinin pozulması səbəbindən qanazlığı
- Sümük sıxlığının azalması (Osteoporoz): Kalsium və D vitamini çatışmazlığı səbəbindən sümük toxumasının zəifləməsi
- Dəridə qaşıntılı səpkilər (Dermatitis herpetiformis): Çölyak xəstəliyinin dəri əlaməti
- Depressiya və təşviş: Beyin fəaliyyətinin pozulması nəticəsində yaranan psixi pozğunluqlar
Uşaqlarda çölyak xəstəliyinin əlamətləri
Uşaqlar böyümə və inkişaf dövründə olduqları üçün mənimsəmə pozğunluğuna bağlı qida çatışmazlıqları fiziki inkişafda gecikmələrə səbəb ola bilər. Bundan əlavə, çölyak xəstəliyi olan uşaqlarda iştahasızlıq, çəki itkisi, davranış dəyişiklikləri kimi əlamətlər müşahidə oluna bilər.
Uşaqlarda çölyak xəstəliyinin əlamətləri:
- Böyümə ləngiməsi: Kifayət qədər qida maddələrinin mənimsənilməməsi səbəbindən boy və çəki artımında gecikmə
- İştahasızlıq və çəki itkisi: Qida qəbulunun azalması və həzm problemləri səbəbindən çəkinin azalması
- Qarın ağrısı və şişkinlik: Həzm sisteminin pozulması nəticəsində qarın nahiyəsində narahatlıq
- İshal və ya qəbzlik: Bağırsaq fəaliyyətinin pozulması
- Davranış dəyişiklikləri: Qida çatışmazlığı və fiziki narahatlıqlar səbəbindən əhval-ruhiyyənin dəyişməsi
- Diş inkişafı problemləri: Mineral çatışmazlığı səbəbindən diş problemlərinin yaranması
- Enerji azlığı və yorğunluq: Orqanizmin lazımi qidalanmaması nəticəsində yaranan yorğunluq
Çölyak xəstəliyinin səbəbləri
Çölyak xəstəliyi, genetik meyllilik və immun sistemin qlüten proteininə qarşı anormal reaksiyası nəticəsində yaranan autoimmun xəstəlikdir. Genetik olaraq bu xəstəliyə meyli olan şəxslərdə qlüten qəbul edildikdə immun sistem nazik bağırsaqdakı villus adlanan mənimsəmə səthinə hücum edir.
Çölyak xəstəliyinin yaranmasında ən böyük faktor genetik meyillilikdir. Bundan əlavə, xəstəlik bəzi ətraf mühit faktorlarının təsiri ilə də aktivləşə bilər. Stresli həyat, hamiləlik, cərrahi müdaxilələr və ya infeksiyalar çölyak xəstəliyinin aktivləşməsinə səbəb ola bilər.
Ailədə çölyak xəstəsi olan şəxslərdə xəstəliyin ortaya çıxma ehtimalı daha yüksəkdir. Bundan əlavə, uşaqlıq dövründə həddindən artıq qlüten qəbulu, bəzi infeksiyalar və həzm sisteminə təsir göstərən ətraf mühit faktorları da çölyak xəstəliyini aktivləşdirə bilər.
Çölyak xəstəliyinin diaqnostikası
Dəqiq diaqnoz üçün qan testləri və bağırsaq biopsiyası kimi daha ətraflı müayinələr aparılır. Diaqnostika prosesində ilk addım, xəstənin çölyak xəstəliyinə xas olan anticisimləri daşıyıb-daşımadığını müəyyən edən qan testləridir.
Bunların arasında ən geniş istifadə olunanlar anti-tTG (toxuma transqlutaminaz anticismi) və EMA (endomizium anticismi) testləridir.
Çölyak xəstəliyinin dəqiq diaqnozu üçün ən etibarlı metod nazik bağırsaq biopsiyasıdır. Biopsiya, endoskopik prosedurla nazik bağırsaqdan alınan toxuma nümunəsinin araşdırılmasını əhatə edir.
Bu prosedur zamanı nazik bağırsaq səthində yerləşən və qidaların mənimsənilməsi üçün həyati əhəmiyyət daşıyan villus adlanan strukturların vəziyyəti qiymətləndirilir.
Çölyak xəstəliyinin səbəb olduğu sağlamlıq problemləri
Nazik bağırsaqda mənimsəmə pozğunluğuna səbəb olduğu üçün orqanizmin lazımi vitamin, mineral və qida maddələrini kifayət qədər mənimsəyə bilməməsinə səbəb olur. Bu vəziyyət uzunmüddətli perspektivdə bir çox sağlamlıq problemlərinin yaranmasına gətirib çıxara bilər.
Çölyak xəstəliyi orqanizmdə geniş yayılmış şəkildə dəmir, fol turşusu, B12 vitamini, D vitamini, kalsium və maqnezium kimi mühüm vitamin və mineralların mənimsənilməsinə təsir göstərir. Bu çatışmazlıqlar xüsusilə yorğunluq, halsızlıq və ümumi enerji azalmasına səbəb ola bilər.
Xəstəlik həzm sistemindən kənar sağlamlıq problemlərinə də səbəb ola bilər. Məsələn, xəstəliyə bağlı olaraq inkişaf edən osteoporoz, sümük eroziyasına və sümüklərin zəifləməsinə səbəb ola bilər. Uşaqlarda böyümə ləngiməsi və çəki artımında dayanma müşahidə oluna bilər.
Çölyak xəstəliyinin müalicəsi
Çölyak xəstəliyinin müalicəsi ömür boyu davam edəcək qlütensiz pəhriz tətbiq etməkdir. Bu pəhrizdə buğda, arpa, çovdar kimi qlüten tərkibli dənli bitkilərdən tamamilə uzaq durulur.
Qlütensiz pəhriz bağırsaq selikli qişasının sağalmasını təmin edir. Beləliklə qida maddələrinin mənimsənilməsi normallaşır və xəstəliyin simptomları azalır.
Qlütensiz pəhrizə ciddi şəkildə riayət edilməsi xəstəliyə bağlı ağırlaşmaların qarşısının alınması üçün vacibdir. Qlütensiz pəhrizlə yanaşı, çatışmayan vitamin və mineralların əvəzlənməsi üçün həkim tərəfindən tövsiyə edilən əlavələr də müalicəyə dəstək olaraq istifadə edilə bilər.
Çölyak xəstəliyi və qlütensiz didalanma
Çölyak xəstəliyinin müalicəsi üçün qlütensiz qidalanma ən əsas və effektiv metoddur. Çölyak xəstəliyi olan şəxslərin qlüten proteini tərkibli qidalardan tamamilə uzaq durmaları lazımdır. Qlüten buğda, arpa, çovdar və yulaf kimi dənli bitkilərdə tapılır.
Qlütensiz qidalanma sayəsində nazik bağırsaq villusları sağalır, mənimsəmə problemləri düzəlir və çölyak xəstəliyinin səbəb olduğu əlamətlər azalır.
Qlütensiz pəhrizə başladıqdan sonra xəstəliyin səbəb olduğu həzm problemləri, yorğunluq, qida çatışmazlıqları kimi simptomlar əhəmiyyətli dərəcədə yaxşılaşır.
Qlütensiz qidalanma prosesində xəstələrin, xüsusilə emal edilmiş qidalar barədə diqqətli olmaları vacibdir. Bir çox hazır qida, sous, şorba, şirniyyat, ədviyyat qarışımı və qəlyanaltılar qlüten tərkibli ola bilər. Bu səbəbdən çölyak xəstələri aldıqları məhsulların etiketlərini diqqətlə nəzərdən keçirməli və “qlütensiz” ifadəsi daşıyan məhsulları seçməlidirlər.
Çölyak Xəstələri Qlüten Əvəzinə Nələr Qəbul Edə Bilər?
Qlütensiz qidalanma başlanğıcda çətin olsa da, artıq bir çox qlütensiz məhsul seçiminin olması bu prosesi asanlaşdırır. Bundan əlavə, meyvə, tərəvəz, ət, balıq, süd məhsulları, paxlalılar, düyü, kinoa, qarğıdalı kimi təbii olaraq qlüten tərkib etməyən qidalarla tarazlı və sağlam qidalanma planı yaradıla bilər.
Qlütensiz pəhriz çölyak xəstəliyinin nəzarət altına alınmasını təmin etməklə yanaşı, xəstələrin ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır və həyat keyfiyyətini artırır.
Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.