Hamiləlikdə Hepatit B infeksiyası həm ana, həm də körpəyə olan təsirləri baxımından son dərəcə əhəmiyyətlidir və çox diqqətli şəkildə idarə edilməlidir.
Hepatit viruslarının ana və körpə sağlamlığı üzərindəki təsirləri, hamiləlikdə hepatit infeksiyasının gedişi və HBV-nin hamiləlikdə müalicəsi, anadan uşağa keçməsinin qarşısının alınması kimi mövzunun bir çox əhəmiyyətli aspekti vardır.
Dünyada hər il 4-5 milyon uşaq, xroniki hepatit B infeksiyası olan analardan doğularaq yoluxur. Hepatit viruslarına qarşı peyvəndləmə sonrası əhəmiyyətli bir uğur əldə edilsə də, anadan körpəyə keçid, əhəmiyyətli bir yoluxma yolu olaraq qalmaqdadır.
Hamiləyəmsə hepatit B üçün test etdirməliyəm?
Bəli, BÜTÜN hamilə qadınlar hepatit B üçün test etdirməlidir! Hamiləsinizsə, həkiminizin körpəniz doğulmadan əvvəl sizə hepatit B testi etdirdiyindən əmin olun.
Bu testlər hamilə qadınlarda niyə çox vacibdir?
Hepatit B testiniz müsbət çıxarsa və hamiləsinizsə, virus hamiləliyiniz və ya doğuş zamanı yenidoğulan körpənizə keçə bilər. Həkiminiz sizdə hepatit B olduğundan xəbərdar olarsa, körpənizin yoluxmasının qarşısını almaq üçün doğum evində lazımi dərmanların olmasını təşkil edə bilər. Uyğun prosedurlar izlənməzsə, körpənizdə xroniki hepatit B inkişaf etməsi ehtimalı 95%-dir!
Hepatit B infeksiyası hamiləliyimə təsir edər?
Hepatit B infeksiyasının hamiləlik zamanı sizə və ya doğulmamış körpənizə problem yaratması gözlənilmir. Həkiminizin sağlamlığınızı izləyə bilməsi və beləliklə doğulduqdan sonra körpənizin infeksiyadan qorunması üçün hepatit B infeksiyası vəziyyətinizdən xəbərdar olması vacibdir.
Hamiləyəmsə və hepatit B daşıyıcısıyamsa körpəmi necə qoruya bilərəm?
Hepatit B testiniz müsbət çıxarsa, həkiminiz həmçinin sizdə hepatit B e-antigeni (HBeAg) testi etdirməlidir və müsbət çıxarsa, hepatit B viral yük qan testi (HBV DNA miqdarı təyini) aparılmalıdır. Bəzi hallarda laboratoriya test nəticələri çox yüksək viral yük göstərir.
Bu hallarda həkiminiz qəbul etməsi təhlükəsiz olan və doğumda yenidoğulan körpənizin yoluxması riskini azaldan ağızdan qəbul edilən antiviral dərmanın üçüncü trimestrdə qəbul edilməsini tövsiyə edə bilər.
Hepatit B testiniz müsbət çıxarsa, yenidoğulan körpənizə doğum evində dərhal iki peyvənd edilməlidir:
- Hepatit B peyvəndindən bir doza
- Hepatit B immunqlobulindən (HBIG) bir doza
Bu iki dərman həyatın ilk 12 saatında düzgün olaraq verildikdə, yenidoğulan körpənin ömür boyu hepatit B infeksiyasına qarşı qorunma ehtimalı 90%-dən yuxarıdır.
Körpənizin qalan 2-3 hepatit B peyvəndi dozasını cədvələ uyğun aldığından əmin olmalısınız. Körpənizin hepatit B-yə qarşı tam qorunması üçün bütün dozalar tamamlanmalıdır.
HBV müsbət bir anadan doğulan bir körpədə körpənin HBV-yə qarşı qorunduğundan və yoluxmadığından əmin olmaq üçün peyvəndləmədən 9-12 ay sonra serum testlərinin aparılması vacibdir. HBsAg və anti-HBs titri testi bu testlərə daxildir.
Peyvəndləmə
Əksər ölkələrdə 6 həftədən yuxarı körpələrə 5-i bir yerdə olan pentavalan (beşli) peyvənd kombinasiyası beş xəstəliyə qarşı (difteriya, göyöskürək, tetanus, Hib və hepatit B) qoruyacaq şəkildə 1 yaşa qədər verilə bilər.
İlk doza körpə 6 həftəlik olduqda verilir və ikinci və üçüncü dozalar 10 və 14 həftəlik olduqda verilir. Pentavalan peyvənd Gavi, yəni Peyvənd İttifaqı dəstəyi ilə pulsuz təmin edilə bilər.
Hepatit B daşıyıcısı olan analara doğulan körpələr üçün pentavalan peyvəndin ilk dozasını gözləmək çox gec olar və körpəni doğuş zamanı və ya həyatın ilk altı həftəsində yoluxmaqdan QORUMAZ. Hepatit B müsbət olan bir qadın, virusu böyük ehtimalla körpəsinə keçirəcək və onda xroniki infeksiya inkişaf edəcək.
Üümumday Səhiyyə Təşkilatı, BÜTÜN körpələrdə hepatit B peyvəndinin doğuşdan sonrakı 24 saat ərzində edilməsini tövsiyə edir. Bu xüsusən hepatit B üçün müsbət qadınlar üçün vacibdir.
Hepatit B vəziyyətinizdən əmin deyilsinizsə, həkiminizin sizə hepatit B testləri etdirdiyindən əmin olun!
Pentavalan peyvəndi ALMAYAN körpələr üçün monovalan HBV peyvəndinin ilk dozası doğuşdan sonra 12 saat ərzində verilməli və sonrasında proqrama uyğun olaraq hepatit B peyvəndinin digər 2-3 dozası verilməlidir. Pentavalan peyvəndin ediləcəyi körpələr üçün hepatit B peyvəndinin ilk monovalan dozası doğuşdan sonrakı 12 saat ərzində verilir və HBV peyvəndinin ikinci və üçüncü dozaları pentavalan peyvəndin doza 1 və doza 2-sinə daxil ediləcək.
*Qeyd: CDC həm HBV peyvəndi, həm də HBIG üçün ilk inyeksiyanın doğumdan sonrakı 12 saatda edilməsini tövsiyə edir. HBIG bütün ölkələrdə olmaya bilər.
Hamiləliyim zamanı müalicəyə ehtiyac var?
Hepatit B infeksiyasının hamiləlik zamanı sizə və ya doğulmamış körpənizə problem yaratması gözlənilmir. Həkiminizin sağlamlığınızı izləyə bilməsi və beləliklə doğulduqdan sonra körpənizin infeksiyadan qorunması üçün hepatit B infeksiyası vəziyyətinizdən xəbərdar olması vacibdir.
HBV peyvəndi və HBIG-nin doğumda verilən dozası HBeAg müsbət olan və çox yüksək viral yük səbəbindən körpəsinə hepatit B keçməsi mümkün olan qadınlarda uğursuz ola bilər.
Hamiləlikdə hepatit B diaqnozu qoyulan bütün qadınlar hepatit B infeksiyasını izləmə mövzusunda bilikli bir həkim tərəfindən izlənmə üçün yönləndirilməlidir.
Həkiminiz hepatit B e-antigeni, HBV DNA səviyyəsi və qaraciyər funksiya testləri (ALT) daxil əlavə laboratoriya testləri etməlidir.
Hamiləliyimdən sonra müalicəyə ehtiyac var?
Hamiləlik zamanı sizə bir antiviral yazılırsa, ALT (SGPT) səviyyənizin 6 ay ərzində 3 ayda bir izlənməsi lazımdır. Bu vəziyyət antiviral müalicəyə davam edib etməyəcəyinizi müəyyən etməyə kömək edir. Test nəticələri əsasında həkiminiz tövsiyə etmədikcə, antiviral dərmanları dayandırmayın.
İzləmə testlərində aktiv xəstəlik əlaməti görünməyən əksər qadınlarda həkim bir qaraciyər mütəxəssisinin müntəzəm olaraq izləməsini tövsiyə edir.
Hər halda qadın doğum həkiminizin və yenidoğulmuş körpənizin pediatrının, yenidoğulmuş körpənizin ömür boyu hepatit B infeksiyasını önləmək üçün doğumda uyğun peyvəndləri almasını və sizin müvafiq şəkildə izlənməsini təmin etməsi üçün hepatit B vəziyyətinizdən xəbərdar olması çox vacibdir.
Hepatit B daşıyıcısıyamsa körpəmi əmizdirə bilərəm?
Əmizdirmənin faydaları, çox aşağı ehtimal olunan infeksiya riskindən daha üstündür. Həmçinin bütün körpələrin doğumda hepatit B-yə qarşı peyvəndlənməsi tövsiyə olunduğundan, hər hansı bir ehtimal olunan risk daha da azalır.
Hepatit B-nin nəzarət altında saxlanması üçün yazıla bilən tenofovirın əmizdirən qadınlarda təhlükəsiz olduğunu göstərən məlumatlar mövcuddur.
Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.