Mədə ağrısında hansı dərmanları qəbul etmək olmaz? Qəbulda ən çox eşitdiyim suallardan biri budur. Mədəsi ağrıyan insan çox vaxt ilk növbədə evdəki ağrıkəsiciyə əl atır. Halbuki bəzi dərmanlar ağrını müvəqqəti azalda bilsə də, mədə selikli qişasını daha da zədələyə, hətta həyat üçün təhlükəli qanaxmaya səbəb ola bilər.
Mədə ağrısında hansı dərmanları qəbul etmək olmaz?
Qısa cavab belədir: mədə ağrısı zamanı ağrıkəsici kimi qeyri-steroid iltihab əleyhinə dərmanlardan istifadə etmək olmaz.
Qeyri-steroid iltihab əleyhinə dərmanlar nədir?
Bu dərman qrupu ingiliscə qısaltma ilə NSAID adlanır. Gündəlik həyatda onları “ağrıkəsici” kimi tanıyırıq. Onlar ağrını, iltihabı və temperaturu azaldır. Bu qrupa daxil olan və aptekdə rast gələ biləcəyiniz dərmanlara nümunələr:
- Ketanal (ketorolak)
- Nimesil (nimesulid)
- İbuprofen
- Ketoprofen
- Diklofenak
- Naproksen
- Aspirin (ağrıkəsici və qanı durulaşdırıcı kimi istifadə edildikdə)
Bu dərmanlar pis dərman deyil. Oynaq xəstəliklərində, iltihabi xəstəliklərdə əvəzsiz, çox qiymətli preparatlardır. Problem onların səhv vəziyyətdə, yəni mədə ağrısı zamanı və nəzarətsiz istifadəsindədir. Mən qəbulda xəstələrə deyirəm ki, mədə ağrısında bu dərmanların ağrıkəsici kimi qəbulu yolverilməzdir.
Bu dərmanlar mədəyə niyə zərər verir?
Mədənin daxili səthini selikli qişa adlanan qoruyucu təbəqə örtür. O, mədə şirəsinin turşusunun mədə divarını yeməsinin qarşısını alır. NSAID dərmanları bu qoruyucu mexanizmi zəiflədir.
Nəticədə selikli qişa turşuya qarşı müdafiəsiz qalır, eroziya (səthi yara) və ya xora (dərin yara) yarana bilər. Xora qan damarına çatarsa, mədə qanaxması başlayır.
Əgər mədənizdə və ya 12 barmaq bağırsağında artıq eroziya, xora ya da qastrit varsa, qəbul etdiyiniz bir tablet belə vəziyyəti kəskin ağırlaşdıra bilər.
Bu səbəbdən mədə ağrısı ilə gələn xəstənin içdiyi ağrıkəsici bəzən ağrını daha da gücləndirir. Mövzu ilə bağlı daha geniş məlumat üçün mədə xorası: yaranma səbəbləri və əlamətləri və 12 barmaq bağırsaq xorası məqalələrini oxuya bilərsiniz.
Real hadisə: bir tablet nələrə səbəb ola bilər
Bunu təcrübədən danışmaq istəyirəm, çünki bəzən insanlar riski ciddi qəbul etmir. Yaxın adamlarımdan biri diş implantasiyasından sonra yalnız bir tablet ketanal qəbul etmişdi.
Bundan sonra mədə qanaxması başladı. Həftələrlə xəstəxanada yatdı, qan köçürüldü, çünki qan göstəricisi kəskin düşmüşdü. Müalicəsi təxminən iki ay çəkdi. Yəni bəzən içdiyiniz bir tablet sağlamlığınıza, hətta həyatınıza baha başa gələ bilər.
Bu hadisə hər tablet qəbul edənin qanaxma keçirəcəyi demək deyil. Lakin kimdə riskin yüksək olduğunu əvvəlcədən bilmək mümkün deyil. Xüsusilə mədədə sakit, yəni heç bir şikayət verməyən bir eroziya və ya xora ola bilər və adam bundan xəbərsizdir.
Kimlərdə risk daha yüksəkdir?
NSAID dərmanlarına qarşı daha həssas olan qruplar var.
Aşağıdakı hallarda həkim məsləhəti olmadan bu dərmanları qəbul etməmək xüsusilə vacibdir:
- Əvvəllər mədə və ya 12 barmaq bağırsaq xorası keçirmiş şəxslər
- Qastriti, qastroezofageal reflüksü və ya tez-tez mədə şikayəti olanlar
- Yaşlı insanlar
- Qan durulaşdırıcı dərmanlar qəbul edənlər
- Kortikosteroid (məsələn, prednizolon) qəbul edənlər
- Alkoqoldan tez-tez istifadə edənlər
- Hamilə qadınlar və böyrək, ürək, qaraciyər xəstəliyi olanlar
Bu siyahı tam deyil. Şübhə varsa, dərmanı almazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək ən doğru qərardır.
Təhlükə əlamətləri: mədə qanaxmasını necə tanımaq olar?
Ağrıkəsici qəbul etdikdən sonra aşağıdakı əlamətlərdən biri yaranarsa, bunu ciddi qəbul edin:
- Qara, qatran kimi, pis iyli nəcis (bu barədə nəcisin qara olması nəyin əlamətidir yazımızda ətraflı məlumat var)
- Qanlı və ya “qəhvə qurası” görünüşündə qusuntu
- Qəfil gələn baş gicəllənməsi, halsızlıq, soyuq tər, solğunluq
- Ürək döyüntüsünün sürətlənməsi
- Dözülməz, getdikcə güclənən qarın ağrısı
Belə hallarda ev şəraitində gözləmək olmaz. Təcili tibbi yardıma müraciət edin. Daha ətraflı məlumat üçün mədə qanaxması əlamətləri və müalicəsi məqaləmizə baxın.
Mədə ağrısı olanda nə etməli?
Hansı dərmanları qəbul etməməyi bildik. İndi isə “bəs nə edək?” sualına keçək. Addım-addım yanaşma aşağıdakı kimidir.
1. Əvvəlcə pəhriz
Mədəniz ağrıyırsa, ilk növbədə pəhrizə diqqət edin:
- Aqressiv qidalardan uzaq durun.
- Çox soyuq və ya çox qaynar yeməklərdən çəkinin.
- Acı və çox duzlu qidaları məhdudlaşdırın.
Ətraflı qida siyahısı üçün qastrit zamanı nə yeməliyik və mədə üçün faydalı qidalar yazılarımızı oxuya bilərsiniz.
2. Şikayət keçmirsə həkimə müraciət
Pəhrizə riayət etdiniz, amma şikayət davam edir? Bu halda sizə lazım olan həkimdir. Bu barədə mədə-bağırsaq həkimi: nə zaman müraciət etməli yazısı sizə kömək edə bilər.
Uzun müddət ağrıkəsici qəbul etməli olanlar nə etməlidir?
Hər kəs bu dərmanlardan imtina edə bilməz. Revmatoid artrit, poliartrit və digər oynaq xəstəlikləri olan insanlar bu dərmanları aylarla, hətta illərlə qəbul etməli ola bilərlər. Onlar üçün tövsiyələrim:
- Mütəmadi olaraq mədə qoruyucu dərmanlardan istifadə edin (həkimin təyin etdiyi formada).
- İldə bir dəfə, heç olmasa iki ildə bir dəfə qastroenteroloq müayinəsindən keçin.
- Bu müayinə zamanı endoskopiya edilməsi faydalıdır. Prosedur haqqında endoskopiya nədir və nə zaman edilir yazısında oxuya bilərsiniz.
Tez-tez verilən suallar
Tez-tez verilən suallar
Mədə qoruyucu içmək helikobakter testinə təsir edirmi?
Ağrıkəsici içdikdən sonra mədə qanaxması olduğunu necə anlamaq olar?
Tibbi qeyd: Bu məqalə yalnız məlumatlandırma məqsədi daşıyır və həkim məsləhətini əvəz etmir. Dərman qəbulu, doza və müalicə ilə bağlı qərarları mütləq mütəxəssis həkimlə birlikdə verin. Şikayətləriniz davam edərsə və ya təhlükə əlamətləri yaranarsa, vaxt itirmədən həkimə və ya təcili tibbi yardıma müraciət edin.